Cəlilabadda torpaq sürüşməsi olub - FOTO
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, son zamanlar yağıntının normadan artıq düşməsi Cəlilabad rayonunda torpaq sürüşməsi ilə nəticələnib. Sürüşmə avtomobil yolunun çökməsinə səbəb olub. Cəlilabad-Sadatlı avtomobil yolunda baş verən torpaq sürüşməsi nəticəsində dərinliyi yarım metrə çatan çatlar yaranıb. 10-a yaxın kəndin mütəmadi istifadə etdiyi avtomobil yolunun müxtəlif hissələrində baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub. Ən təhlükəli vəziyyət yolun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsindədir. Yerli sakinərin sözlərinə görə bir neçə gün əvvəl yağan yağışdan sonra burada sürüşmə daha da sürətlənib.
Yolun sürüşmə nəticəsində çökməsi dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini məhdudlaşdırıb.
Sürüşmə zonasında olan bəzi evlərin və yardımçı tikililərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam edəcəyi təqdirdə tədricən ətraf təpələrdə iri topaq qatının uçmasına da gətirib çıxara bilər. Cəlilabad Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunublar. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissəsində bərpa işləri aparılacaq.
Milli.Az