Ölkə

Çanaqqala döyüşü ilə türk xalqının şanlı tarixinə zəfər dolu yeni səhifə yazılıb

Metbuat.az

Naxçıvan, 22 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Çanaqqala döyüşünün 100 illiyi ilə bağlı “Çanaqqala – Türkün şərəf tarixi” adlı elmi konfrans keçirilib.


AZƏRTAC

xəbər verir ki, konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq, Çanaqqala döyüşü haqqında ətraflı məlumat verib.


Qeyd edilib ki, 1915-1916-cı illərdə Antanta dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu tutmaq, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq məqsədilə ilk hədəf kimi Çanaqqalanı ələ keçirməyə cəhd göstəriblər. Ancaq hücumlar müvəffəqiyyətsiz olub və iki tərəfin də çox ağır itkilər verməsi ilə ittifaq dövlətləri geri çəkilib.


Bildirilib ki, Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlı şəhid olub.


Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Çanaqqala döyüşləri: faciə, soyqırımı və zəfər”, həmin institutun şöbə müdiri, dosent Emin Şıxəliyev “Çanaqqala döyüşləri: pərdəarxası məqamlar və tarixi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.


Məruzələrdə vurğulanıb ki, Çanaqqala döyüşü ilə türk xalqının şanlı tarixinə zəfər dolu yeni səhifə yazılıb və bu zəfər qeyri-bərabər döyüşdə qazanılıb.


Tədbirdə Çanaqqala döyüşlərindən bəhs edən slayd nümayiş etdirilib.