“Çanaqqala - türklərin istiqlal savaşı” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 22 aprel,
AZƏRTACAprelin 22-də Qaradağ rayonunda “Çanaqqala - türklərin istiqlal savaşı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova konfransda çıxış edərək Çanaqqala zəfərinin türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu söyləyib. O, Çanaqqala zəfərində türk xalqı ilə birgə 3 minə yaxın azərbaycanlının da iştirak etməsinin iki qardaş xalqın birlik nümunəsi olduğunu vurğulayıb. Bu möhtəşəm zəfərlə bağlı Qaradağ rayonunda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Həmid Karadeniz Çanaqqala zəfərinin türklərin tarix boyu nə qədər qəhrəman, mübariz bir xalq olduğunu bir daha göstərdiyini bildirib. Qeyd edib ki, Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamı eyni ruh yüksəkliyi ilə döyüşüb, ya şəhid, ya qazi olub.
Tədbirdə digər çıxış edənlər Çanaqqala zəfərinin türklərin döyüş əzmlərini sübut etdiyini bildiriblər. Qeyd edilib ki, türk xalqlarının birliyi hər gün atır, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Əminliklə qeyd edilib ki, uydurma erməni soyqırımı ilə bağlı iddialar gec-tez ifşa olunacaq, tarixin həqiqətləri bütün dünyada qəbul ediləcək.
Tədbirin sonunda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, tədbirdə iştirak edən qonaqlara fəxri fərman və hədiyyələr təqdim olunub.