Bunu da gördük: smart bıçaq (VİDEO)
Cənubi Koreyanın "Samsung" şirkəti smartfon funksiyalarına malik "Galaxy Blade edge" adlı dünyanın ilk "ağıllı" bıçağını təqdim edib.
ANS PRESS-in məlumatına görə, qurğu "Galaxy S6" smartfonunun bütün özəlliklərinə ("Android" əməliyyat sistemi, "TouchWiz" istifadəçi interfeysi və əla kamera) malikdir. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
Almaz örtüklü çox iti keramika bıçaq "Galaxy" seriyasının yeni nümayəndəsini mətbəxdə əvəzolunmaz köməkçiyə çevirir. Bundan başqa, sözügedən bıçaq qatlanan qulpa malikdir və alıcının istəyi ilə zeytun ağacı, keramika, paslanmayan poladdan hazırlana bilər.
"Samsung Knox" texnologiyası sayəsində "Blade edge"dən istifadə həmişə təhlükəsizdir. Barmaqların müəyyən edilməsi mexanizmi bıçaq vasitəsilə kəsilmələrin qarşısını alır, antivirus müdafiəsi isə istifadəçiləri inqrediyentlərdə arzuolunmaz mikroblar haqda xəbərdar edir.
Əlavə olaraq "Galaxy Blade" sudan müdafiəyə malikdir və yanğın təhlükəsizliyi tələblərinə cavab verir. Komplektə daxil olan stilus öz əsas funksiyasından başqa, termometr və ya şup kimi istifadə oluna bilər.
ANS PRESS