"Bu stadion tikiləndən "Neftçi"yə uduzmamışıq"
Bu gün keçirilən "Xəzər Lənkəran" - "Neftçi" (2:2) oyununda yerli azarkeşlər bol qollu matç izləyiblər.
ANS PRESS-in məlumatına görə, oyundan sonra baş məşqçilər görüşlə bağlı fikirlərini bildirib.
Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "İlk 15 dəqiqədə üstün idik. Oyunçularım hesabda 2:0 öndə olmağımızdan və rəqibin qırmızı vərəqə almasından sonra arxayınlaşdı. Fasilədə onlara dedim ki, hesaba aldanmayın. Peşəkar futbolçular belə səhv etməməlidir. Hesab ilk hissədən sonra 5:0 olmalıydı. Amma tez arxayınlaşdıq. Çalışacağıq ki, "İnter"lə kubok oyununadək bu şokdan çıxaq. Mənim yerimə klub rəhbərliyinin alman məşqçi axtarmasından xəbərim yoxdur. Bu cür suallar təxribatdır".
Elbrus Məmmədov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "2 fərqli hissə oldu. Amma Culius Vobayın ustalığı həlledici oldu və hesabı açdı. Alfred Sankonun qırmızı vərəqə almağı bizi çətin vəziyyətə saldı. Fasilədən sonra mərkəzi bağladıq. Futbolçularım kişi kimi döyüşdü. Cinahları rəqibə, üstünlüyü isə standard zərbələrə verdik. Arif müəllimə uğurlar arzulayıram. Düşünmürəm ki, mən taktikada onu məğlub etdim. Azarkeşlərimizi sevindirdik. Adımızı qara siyahıya sala bilməzdik. Bu stadion tikiləndən "Neftçi"yə uduzmamışıq. Ona görə də adımızı pis mənada tarixə yazdırmaq istəməzdik. Bizi sevən azarkeşlər həmişə yanımızdadır".
Mənbə
ANS PRESS