Bu il Cəlilabadda sahələrdən 70 min ton kartofun yığılması planlaşdırılır
Cəlilabad, 8 aprel, Bağır Əliyev,
AZƏRTACYanvar ayının ilk günlərindən etibarən Cəlilabadda kartof əkininə başlanılıb.
AZƏRTAC
xəbər verir ki, bu il rayonda 4 min 200 hektar əraziyə kartof əkiləcək. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 hektar çoxdur. Rayonun əksər təsərrüfatlarında kartof əkini başa çatsa da, bu il havaların həddindən artıq yağmurlu keçməsi bəzi təsərrüfatlarda əkini ləngidib. İlin əvvəlindən əkin mövsümünü başa çatdıra bilməyən məhsul istehsalçıları işlərini tez bir zamanda başa vurmağa çalışırlar.
Kartofçuluqla məşğul olan fermer Əlyar Allahverdiyev təsərrüfatında əkinin gecikməsini qışın sərt keçməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, təcrübəli fermerlər belə hallarda gözləməyə daha çox üstünlük verirlər. Əks halda əkilmiş sahələrin çökək hissələrində nəmişliyin normadan artıq olması səbəbindən torpaq altındakı toxumlar çürüyə bilər.
Fermer bildirir ki, erkən əkinlə indiki əkinin yetişmə prosesində bir aya yaxın vaxt yaransa da, məhsulun maya dəyərinə bir o qədər də təsir etmir. Ə.Allahverdiyev kartof əkinində gecikmənin məhsuldarlığa təsir göstərməyəcəyinə, sertifikatlı toxum əkdiyindən bol kartof götürəcəyinə ümid edir.
Mütəxəssislər hesab edirlər ki, bölgələrdə soyuducu anbarların sayının çoxaldılması gələcəkdə kartofun satışı zamanı meydana çıxan çətinlikləri qismən də olsa, aradan qaldıra bilər. Bu isə fermerlərə məhsullarını qış aylarında yerli bazarlara çıxarmaq imkanı yaradacaq.
Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 67 min 700 ton kartof məhsulu istehsal olunub. Bu il bu rəqəmin 70 min tona çatdırılması nəzərdə tutulub.