Ölkə

Brüsseldə “Avropa və İslam aləmi: birləşdirən dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Metbuat.az

Konfrasın açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləzizəl-Naser tədbiri səciyyələndirən mühüm amil kimi onun Avropada etnik və dini zəmində son dövrdə cərəyan edən neqativ hadisələrdən sonra Avropa ilə İslam aləminin arasında körpülərin qurulmasına yönəlik ilk geniş tədbir olduğunu qeyd edib. O, konfransın qitədə İslamofobiyanın yeni dalğasına qarşı başladılan uğurlu addım olacağına inamını ifadə edib. Ali Nümayəndə eyni zamanda konfransın 2016-cı ildə Bakıda keçiriləcək BMT Sivilizasiyaların Alyansının Vİİ Qlıobal Forumuna hazırlıq müzakirələrinin vacib elementi olduğunu bildirərək, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyini dövlətin Qərblə İslam dünyası arasında səmimi dialoqun yaradılması istiqamətində səylərinin bariz nümunəsi olduğunu vurğulayıb.


İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov öz çıxışında konfransın əsas məqsədinin Avropa strukutrları ilə İƏT strukurları arasında dialoqun canlandırılmasına; Avropada təhlükəli həddə çatmış İslamofobiya və gənc müsəlmanlar arasında radikallığın artması kimi tendensiyalara qarşı birgə mübarizə yollarının araşdırılmasına yönəldiyini qeyd edib. Radikalizm və islamofobiyaya qarşı mübarizədə kompleks yanaşmanın vacibliyini qeyd edən natiq bəzi Qərb qurumlarının İƏT ölkələrinə qarşı ikili standartlarını da İslamofobiyanın artmasına xidmət edən amil kimi dəyərləndirib.


Tədbirdə İƏT-in baş katibi İyad Əl-Mədəninin konfrans iştirakçılarına ünvanladığı təbrik müraciəti səsləndirilib.


Konfrans iştirakçılarına müraciət edən Avropa Komissiyasının nümayəndəsi Canos Kendernau, Avropa Parlamentinin deputatı David Borelli və digər natiqlər Avropa qitəsində narahtlıq doğuran İslamofobiya meyllərinin aradan qaldırılması məqsədilə konkret təkliflərlə çıxış ediblər.


İki ayrı panel ətrafında işini davam etdirəcək konfransda İslamofobiya ilə yanaşı anti-semitizm, ksenofobiya kimi inanc qaynaqlı ictimai problemlərin təhlili, bu problemlərin Avropada insan haqqları, inanc azadlığı və demokratiyanın perspektivlərinə neqativ təsiri; sözügedən tendsiyalara qarşı siyasi, ictimayi və KİV səviyysində mübarizə aparılması kimi mövzuların müzakirəsi gözlənilir.


Konfransın sonunda mədəniyyətlərarası dialoq sahəsində Avropanın fəal qurum təmsilçilərindən ibarət platformun yaradılması və fəaliyyət planının hazırlanması məqsədilə işçı qrupun formalaşması, həmçinin konfransda səslənən təhlili məruzələr və təkliflərdən ibarət hesabatın BMT, AB və İƏT-ə təqdim olunması nəzərdə tutulur.