Dünya

BQXK: Ədən xarabalığa çevrilib

Metbuat.az

Amerika Birləşmiş Ştatları Yəməndə hakimiyyətə qarşı döyüşən husi üsyançılarını bombalamaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya silah yardımını sürətləndirir. Bunu ABŞ dövlət katibinin müavini Entoni Blinken deyib.



Bu arada, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən ofisinin rəhbəri ölkədəki münaqişənin Ədən şəhərini xarabalığa çevirdiyini deyib. İqtisadiyyat tamamilə dayanıb. Küçələr zibillə və uçan binaların daş-kəsəyi ilə doludur. Məlumata görə, şəhərdə təcili olaraq tibb təchizatının təşkilinə ehtiyac var. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi heyət və ləvazimat daşıyan təyyarələrinə enmək icazəsi verib.



Əsas münaqişə husi üsyançıları ilə hazırda Səudiyyə Ərəbistanına sığınmış keçmiş prezident Əbdrəbbu Mənsur Hadiyə sadiq qüvvələr arasında gedir. Son döyüşlərdə isə 550-yə yaxın insanın həlak olduğu bildirilir.



Ədən şəhəri ölkənin paytaxtı Sənadan cənuba doğru irəliləyən husi üsyançıların mühasirəsindədir və Səudiyyə Ərəbistanı təyyarələri iki həftədir ki, husilərə havadan raket zərbələri endirir.

Mənbə
AFP