Dünya

BMT baş katibinin Yəmən üzrə xüsusi müşaviri istefa verib

Metbuat.az


Bakı, 16 aprel,

AZƏRTAC

BMT baş katibinin Yəmən üzrə xüsusi müşaviri Camal Benomar istefa verib. İstefanın səbəbləri bildirilmir.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, baş katibin Yəmən üzrə xüsusi müşaviri Camal Benomarın istefa verməsi faktını təsdiqləyən BMT-nin administrativ rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik yeni emissarın qaydalara uyğun şəkildə təyin ediləcəyini deyib.


Bu arada yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsi “ərəb koalisiyası”nın dəstəyi ilə husi-şiə üsyançılarının Ədən şəhərindəki neftayırma zavoduna doğru hücumlarının qarşısını alıblar.


Qeyd edək ki, martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.


Beynəlxalq miqrasiya təşkilatının məlumatına görə, vətəndaş müharibəsi ilə əlaqədar Yəməndəki 16 min xarici vətəndaş ölkəni tərk edə bilmir. Artıq 38 ölkə vətəndaşlarının təxliyəsinə yardım göstərmək üçün müraciət edib. Onlar müharibənin daha da genişləndiyi ölkədən mümkün qədər çox insan çıxarmaq üçün Sudan və Efiopiya ilə humanitara “hava körpüsü” yaratmaq barədə razılığa gəliblər.