Bizə Nəsimini sevdirən yazıçı (VİDEO)
Bu gün İsa Hüseynovun doğum günü olması ilə fərqlənir. Yaşadığı illər ərzində təkcə yazdığı əsərlərlə yox, həm də zəngin filmoqrafiyası ilə də özünə sevənlər qazandı Muğanna.
Onun tütəyinin səsi hər dəfə bizi ekran qarşısına toplayırdı. Yadımdadır ki, hətta bu filmə görə dəfələrlə dərsdən qaçıb evə gələn vaxtlarım da olmuşdu. Özü də təkcə bu filmə görəmi? Qərib cinlər diyarına düşmək üçün az qalırdı ki, elə cinin özünü köməyə çağıraq. Onda uşaq ağlımızla bu filmlərin ssenarisini yazandan da çox, aktyorları bizi maraqlandırırdı. Titrlarda da gözümüz xüsusilə kimin hansı rolu oynadığını gəzirdi. Çünki, aktyorları daha yaxşı tanıyırdıq. Böyüdükcə, müəllifi ssenaristi də tanıdıq. Və bildik ki, bu Azərbaycanın ən yaxşı yazarlarından bəlkə də elə ən yaxşısıdır. İsa Hüseynov. O, bizə Nəsimini tanıdan, onu sevdirən yazıçıdır.
İsa Hüseynov təkcə ən yaxşı filmlərin müəllifi deyildi, ən yaxşı, “İdeal” əsərlər də onun qələminin məhsuludur. Amma o, bu əsərləri daha bizim tanıdığımız İsa Hüseynov kimi yox, İsa Muğanna kimi yazırdı. Elə ona görə də tamaşaçıları oxucularından çox idi.
Çünki, Muğannanı başa düşmək üçün gərək ayağını yerdən üzüb, göylərlə əlləşəydin. Ora isə ruhlar aləmidir, orda gəzmək, orda qərar tutmaq hər kəsin işi deyil. Bu səbəbdən də İsa Muğannanın yazdıqlarını nə çoxumuz həzm edə bildik, nə də onu İsa Hüseynovu sevdiyimiz qədər sevə. Özü isə Muğannanı sevir, İsa Hüseynova nifrət edirəm deyirdi. Çünki, İsa Hüseynov göylərdən ün gətirən Muğannanın yanında çox bəsit idi.
Göylərlə, İsa peyğəmbərlə danışıram deyəndən sonra çoxları onu dəli adlandırırdı. Amma ən böyük dahilər, ən böyük dəlilərdir deyə bir ifadə də var. İsa Hüseynov ədəbiyyat dəlisiydi. Əbədiyyəti də elə dahilər qazanırlar.
ANS-TV-Ləman Əliəşrəfqızı