Birinci xanım: "Bakı bütün Avropanı qəbul etməyə hazırdır"
"Biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz – Azərbaycan haqqında daha çox məlumat əldə etsinlər".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada baş tutan "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimində çıxışı zamanı deyib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. "Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər".
Azərbaycanın birinci xanımı qeyd edib ki, Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirib: "Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram – sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək.
Əziz dostlar, fürsətdən istifadə edib sizin hamınızı Bakıya gəlməyə, bu Oyunlarda iştiraka dəvət etmək istəyirəm. Gəlin, idmançılarımıza, komandalarımıza birlikdə azarkeşlik edək.
Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun".
Qeyd edək ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin müavinləri Dmitri Roqozin, VTB bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov və başqa tanınmış simalar iştirak ediblər.
MənbəANS PRESS