Birinci Azərbaycan-alman-türk tibb konqresi başa çatıb
Bakı, 14 aprel,
AZƏRTAC
Xəbər verildiyi kimi, 10-13 aprel tarixlərində Bakıda Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə Birinci Azərbaycan-alman-türk konqresi keçirilmişdir. Konqresdə yerli mütəxəssislərlə yanaşı Almaniyanın, İsveçrənin və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 15 professor iştirak etmişlər.
Milli Onkologiya Mərkəzindən (MOM)
AZƏRTAC-a bildiriblər ki, aprelin 13-də konqresdə iştirak edən qonaqlar mərkəzdə mövcud olan şərait və onkoloji xəstələrə göstərilən xidmətlə tanış olmuş və Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə görüşmüşlər. Görüş zamanı qonaqlar MOM-un dünyanın və Avropanın ən qabaqcıl klinikaları ilə bir səviyyədə tutaraq burada mövcud olan xidmət standartlarından çox məmnun qaldıqlarını bildirmişlər.
Konqresin son günü tibb tələbələri və gənc həkimlərin təbabətin aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət müsabiqə də təşkil olunmuşdur. Müsabiqənin qalibi Nərminə Ələkbərova Almaniyanın universitet klinikalarının birinə 1 aylıq yay praktikasına, 2-ci və 3-cü yerlərin sahibləri Nurlanə Əmrahova və Nərgiz Ələkbərova isə Türkiyədə qısa müddətli praktikaya göndəriləcəklər.
Bundan sonra ildə 1 dəfə olaraq mütəmadi keçiriləcək Azərbaycan-alman-türk konqresinin növbətisinin də gələn ilin may ayında Bakıda keçirilməsi qərara alınmışdır.