Digər

Beynəlxalq tədbirdə qəbul edilən sənəddə Ermənistanın etirazına baxmayaraq Azərbaycan tərəfinin təklifləri əksini tapıb

Metbuat.az

[ 16 Aprel 2015 18:06 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Qətərin paytaxtı Doha şəhərində BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü konqresi keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin açılış mərasimində Qətərin əmiri Şeyx Tamim bin Hamad Al Tani və BMT-nin baş katibi Pan Qi Mun iştirak ediblər. Sonra beş ildən bir keçirilən Konqresin rəhbərliyi formalaşdırılıb, Qətərin baş naziri Abdulla bin Naser Al-Tani Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilib.

Tədbir zamanı plenar sessiya keçirilib. Sessiyanın birinci günündə F. Məmmədov çıxış edərək cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sisteminin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirləri vurğulayıb.

Tədbirdə cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Doha Bəyannaməsi qəbul olunub. Sənəddə Azərbaycan tərəfinin təklifləri əsasında Ermənistan nümayəndə heyətinin təkidli etirazlarına baxmayaraq ədalətli və səmərəli cinayət ədliyyəsi sistemlərinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında qurulmasına dair öhdəliklər əks olunub. Bəyannamədə yalnız qanun əsasında legitim məhkəmələr tərəfindən mühakimə olunmaq hüququnun təsbiti yer alıb, münaqişə zonalarında BMT üzv-dövlətlərinin özəl şirkətlərinin qanunazidd iqtisadi fəaliyyətləri, habelə mədəni irsinə məxsus olan mədəni obyektlərin qanunsuz dövriyyəsi pislənilib, qeyri-qanuni faydalı qazıntı işlərinin aparılması kimi yeni növ cinayətlərə qarşı tədbirlər vurğulanıb.

Forum çərçivəsində F. Məmmədov BMT-nin Baş katibi Pan Qi Mun, Qətərin baş naziri Abdulla bin Naser Al-Tani ilə görüşlər keçirib.