Bərdənin 104 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatıb
Bərdə, 15 aprel, Tahir Ağaməmmədov,
AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 2-dən başlayaraq ölkə əhalisinin tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Mehdi Mehdizadə
AZƏRTAC-a bildirib ki, sakinlər mərkəzi rayon xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçirilir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə terapevt tərəfindən müayinə olunur. Sonra isə ehtiyaca uyğun olaraq cərrah, lor, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Aksiya başlayandan indiyədək 39 idarə və müəssisə kollektivi, 104 yaşayış məntəqəsinin sakinləri olmaqla, 121 min 586 nəfər vətəndaş müayinə olunub.
Sakinlərdən 2614 nəfər ambulator, 480 nəfər stasionar müalicəyə cəlb edilib, 168 nəfər respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.