Digər
Baş üzərində iki dəyənək
Ermənistanın hakimiyyət dairələrində illərdən bəri davam edən və dəyişməyən ənənə var. Prezident xarici siyasət məsələlərində uğursuzluğa düçar olan kimi iqtidar funksionerləri "bəzi şüursuz elementləri", yəni erməniləri suçlamağa başlayırlar.
Halbuki o uğursuzluğa qədər iqtidar bəyənmədiyi xalqın qarşısında əyilir, vədlər verir, dilə tutmağa çalışırdı.
"Bəyəm bu xalqdır?! Axı nə üçün onlara görə çalışırıq, özümüzə əziyyət veririk - qoy getsinlər və qul kimi yaşamağa davam etsinlər", - bu sözləri Ermənistanda iqtidar mənsubları ilə yanaşı, müxalifət siyasətçiləri də təkrarlayırlar.
Həmin kəlmələr başabəla "xalq"ı təmsil edən müxtəlif qruplar arasında da populyardır.
İki hadisədən sonra Ermənistandakı iqtidar az qala ekstaz vəziyyətinə düşsə də, az sonra ayıldı. Ayılma prosesi acı, reallıqla barışmaq məsələsi ağrılı oldu.
Həmin hadisələr Vatikanda Roma Papası 1-ci Fransiskin "erməni soyqırımın 100 illiyinin ərəfəsi" ilə bağlı təntənəli ayin-liturgiya keçirməsi ilə Avropa Parlamentində "erməni soyqırımı"ının tanınması barədə qətnamənin qəbulu idi.
"Erməni soyqırımı" ilə bağlı bu məqamları Ermənistan prezidenti Serj Sarkisyan şəksiz diplomatik uğurları və "erməni məsələsi"ndə önəmli irəliləyişlər təki qələmə verdi.
Lakin belədirmi?
Ermənistan mediası Avropa Parlamenti və Roma Papasının qərarını bəh-bəhlə şərh etsə də, bəzi ekspertlər bu olayları "ermənilərin başları üzərindəki iki dəyənək" adlandırırlar.
Onlar haqlıdırlar.
Aprelin 15-də Avropa Parlamentində "erməni soyqırımı"ının tanınması və Türkiyənin də analoji addıma dəvət olunmasının yer aldığı qətnamənin qəbul olunmasını dünyanın müxtəlif ölkələrindəki erməni təşkilatları, Ermənistan rəhbərliyi "fenomenal uğur" kimi dəyərləndirirlər.
Qətnamə Avropa Birliyindəki 28 ölkənin mövqeyi təki təqdim olunur.
Həmişə olduğu kimi, ermənilər arzularını reallıq, illüziyalarını isə artıq baş vermiş fakt sayırlar.
Avropa Birliyindəki ölkələrin vahid siyasi mövqeyi sayıla biləcək nəsnə əslində yoxdur və ola da bilməz. Bu ölkələrin hər birinin konkret məsələ ilə bağlı fərqli mövqeləri var, çeşidli siyasi kursları mövcuddur.
Avropa siyasətinin lideri, habelə Avropa Birliyinin ən böyük dövləti Almaniya "erməni soyqırımı"nı tanımayıb və hadisələrin indiki gedişi göstərir ki, tanımaq niyyətində deyil.
Britaniya da analoji mövqe tutub. Ona görə də Avropa Parlamentində qəbul edilmiş odioz qətnaməyə sevinən ermənilər arasında intellektlə fərqlənənlər dərk edirlər ki, 1915-ci ildə Osmanlı Türkiyəsində törədildiyi iddia edilən "soyqırım"ın rəsmi Berlin və ya London tərəfindən tanınması dəfələrlə ciddi, geosiyasi təsir baxımından ağır çəkili olaya çevrilərdi.
Bu baxımdan Avropa Parlamentinin qətnaməsi sırf deklarativ səciyyə daşıyır. Daha konkret desək, avropalılar erməniləri başlarından eləmək və sakitləşdirmək üçün bu qətnaməni qəbul ediblər. Bunu etiraf etmək istəməsələr də.
Çünki sözügedən qətnamə siyasi önəm baxımından Vatikanda Roma Papasının liturgiyasından da çəkisizdir.
Dünya siyasətinin ağır artilleriyası olmayan Avropa Parlamenti bununla belə, ikinci dərəcəli siyasi struktur deyil.
Qurum erməniləri sevindirən qətnaməni qəbul etməklə əslində ilk əvvəl Türkiyəyə, sonra da Azərbaycana kobud təzyiq göstərməyə çalışıb.
Bəlli ki, Avropa Parlamentinin Türkiyənin çağdaş siyasətindən narazılığı az deyil. Strasburqdakı avroparlamentarlar rəsmi Ankaranın regional diplomatiyasını, ölkə daxilində "beşinci sütun"a çevrilmiş nurçulara qarşı aparılan əməliyyatları bəyənmir və bütün bunları yolverilməz sayır.
Onillərdən bəri Ankaranı Avropa Birliyinə üzvlük məsələsi ilə şirnikləndirən, irəli sürdüyü saysız-hesabsız tələblərin hamısına riayətə vadar etməyə çalışan Avropa Parlamenti niyyətinə çatmadığını anlayanda Türkiyəyə belə təzyiq göstərmək qərarına gəlib.
Azərbaycanı da "yerində oturtmaq" istəyən Avropa Parlamenti bu minvalla Bakıya da "xəbərdarlıq" edir, Strasburqdan ünvanlanan əmr və göstərişlərin yerinə yetirilməsini tələb edir.
Türkiyə və Azərabycan suveren dövlətlər, müstəqil siyasət yeridən ölkələr olduğundan Avropa Parlamentinin bu diplomatik həyasızlığı rədd edildiyi üçün Strasburq təzyiq formatını dəyişməkdə pressinqi gücləndirməkdədir.
"Soyqırımın 100-cü anım ili"ndə eyforiyaya qapılmış ermənilərsə reallıq hissini itirdiklərindən dövlət quruculuğunda yol verdikləri bəlalı səhvlərin fəsadlarını aradan qaldırmaq əvəzinə, yanlışlıqların sayını daha da artırırlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Vatikanda Roma Papasının liturgiyasından bəhs edəndə Ermənistan rəhbərliyinə kiçik məqamı xatırladıb: "Türkiyədə yaşayan və işləyən Ermənistan vətəndaşları var. Türkiyə onlara humanistcəsinə yanaşır, ölkədən qovmur. Halbuki bunu edə bilərik".
Hazırda Türkiyədə 50 min nəfərdən artıq Ermənistan vətəndaşı var. Ölkələrindəki aclıq, səfalət, işsizlikdən qaçan bu insanlar türk torpaqlarında çörəkpulu qazanırlar və yaşamlarından da şikayətçi deyillər. Amma erməni diasporu ilə Ermənistan rəhbərliyi "erməni soyqırımı" məsələsində təzyiqləri artırsalar, Qərb də bundan Ankaraya təsir vasitəsi kimi istifadə edərək aqressiyasını gücləndirərsə, Türkiyədəki həmin ermənilərin ölkədə çox qalmayacaqları bəlli.
Əslində Ərdoğan qeyri-adi, radikal bəyanat verməyib.
Ermənistanla bağlı radikallıq həmişə Rusiyanın siyasətindədir ki, Moskva erməni miqrantlardan Yerevana təzyiq formalarından biri kimi istifadə etməkdədir.
Türkiyədən fərqli olaraq, Rusiya permanent bəyanatlarında "Ermənistan strateji müttəfiqimizdir" deyir. Amma Rusiyada yaşayan və işləyən Ermənistan vətəndaşları Moskva ilə Yerevan arasındakı münasibətlərin daimi girovlarıdır.
Özü də onların sayı 50 min yox, təqribən 1 milyon nəfərdir.
Ermənistandakı hakimiyyət xarici siyasətində azacıq dəyişikliklər edəndə, Rusiyadan alınan əmrlər məcmusundan kənara çıxmağa cəhd göstərəndə erməni miqrantları məsələsi dərhal siyasi şantajın ən effektiv vasitəsinə çevrilir.
Rusiya belə hallarda ya inzibati yasaqlar tətbiq edir, ya dazbaş "skinhed"lərə hücum əmrləri verilir. Skinhedlərin erməni miqrantlarını döymələri və bəzən də öldürmələrini rəsmi Moskva hər dəfə qətiyyətlə pisləyərək "təcili araşdırmaların aparılacağını" vəd etsə də, həmin kriminal elementlərin xüsusi xidmət orqanları tərəfindən idarə və koordinasiya olunduqları çoxdan şübhə doğurmur.
Məhz radikal millətçilik və irqçilik bayraqları altında cinayətlər törədən bu dazbaşlar vasitəsilə Rusiyada yaranmış konyunktura uyğun olaraq bu və digər millətin mənsubları təqiblərə məruz qalırlar.
Ankara bunları edən deyil.
Amma ermənilər qorxurlar, çünki son vaxtlar Türkiyə və Rusiyanın münasibətlərindəki yaxınlaşma, Moskva-Ankara geosiyasi vektorunun güclənməsi Rusiyanın forpostu hesab etdiyi Ermənistanın hədsiz həyasızlıqlarından usanan türklərin bəzi tələblərini nəzərə alacağına şübhə etmirlər.
Ermənistan "soyqırımın 100-cü il anımı"ndan istifadə edərək Türkiyəyə beynəlxalq miqyasda təzyiqləri artırmaq istəyir, Qərb "erməni məsələsi"ndən yararlanaraq Türkiyəni "ram etməyə" çalışır - amma bütün bunlarla yanaşı, ermənilər işləmək və yaşamaq üçün Türkiyəyə axışırlar.
Sözsüz, bir ölkənin vətəndaşlarının başqa ölkəyə işləməyə getməsi normal sayılır və miqrasiya axınları da təbii məsələdir, qanunauyğunluqdur. Kommunikasiyalar və texnologiyaların indiki inkişaf səviyyəsində adi haldır.
Anormal olan öz vətəndaşlarının yaşamağa getdiyi, normal saydığı ölkəni olmayan cinayətdə suçlayaraq öz cinayətkar və terrorçu mahiyyətini gizlətməyə çalışan Ermənistanın davranışıdır.
Belə davranış tək Yerevandakı hakimiyyət yox, bütün ermənilər üçün olduqca ağır problemə çevrilə bilər.
Orxan Hun
Milli.Az