Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 476 şəxs qəbul edilib
Bakı, 22 aprel, Məmməd İsayev,
AZƏRTACCari ilin birinci rübü ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Onların 106-sı Baş İdarə rəisi, 3700-i isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul olunub.
AZƏRTAC
xəbər verir ki, bu faktları aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci rübündə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olub, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olub. Daxil olmuş 1677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i istintaqa, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib. Həmçinin qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.
Birinci rübdə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.