Digər

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin I rübündə görülmüş işlərə dair hesabat verib

Metbuat.az

[ 22 Aprel 2015 10:57 ]



Bakı. Hafiz Heydərov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin birinci rübü ərzində korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlərə dair mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib. Bu il yanvarın 9-da Azərbaycan Respublikasının baş prokuroru tərəfindən Baş İdarənin yeni strukturu, idarə və şöbələri təsdiq edilib, əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin ediliblər.

Qeyd edilən dövrdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilib. Gələcəkdə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində fəaliyyət və əlaqələrini daha da inkişaf etdirəcək.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I rübü ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.