Barak Obamanın ailəsi ötən il 477 min dollar gəlir əldə edib
Bakı, 12 aprel,
AZƏRTACABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama 2014-cü ildə 477 min 383 dollar qazanıb, 93 min 362 dollar gəlir vergisi ödəyiblər.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin aşağı düşməsi qazancının azalmasına səbəb olub. Ən böyük gəliri prezident maaşı olan Barak Obama bu vəzifəsinə görə ildə 400 min dollar qazanır. Cütlüyün bu maaşdan əlavə əsas gəlir mənbəyi isə Barak Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışından qazandıqlarıdır.
Obama cütlüyü ötən il 33 yardım fonduna ümumilikdə 70 min 712 dollar köçürüb.
ABŞ prezidentinin ailəsi 2012-ci ildə 662 min dollar, 2013-cü ildə isə 503 min dollar gəlir əldə edib. Barak Obama ən böyük qazancını prezident seçildiyi 2009-ci ildə götürüb. O həmin il kitablarının satışından və Nobel Sülh Mükafatından təxminən 5,5 milyon dollar qazanıb.