Bakının tacı (FOTO)
Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən çıxıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada yaradılan şəraitlə tanış olublar.
İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib. Əvvəllər binada belə yüksək səviyyədə əsaslı təmir işləri aparılmayıb. Binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.
Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.
Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında birinci Avropa Oyunları zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb.
Mənbə
ANS PRESS