Bakıda “Tibbdə yeniliklər və onların tətbiqi” mövzusunda konfrans keçirilib
Bakı, 11 aprel,
AZƏRTACBakıda Mərkəzi Gömrük Hospitalının və Türkiyənin Bayındır Sağlıq Qrupunun təşkilatçılığı ilə “Tibbdə yeniliklər və onların tətbiqi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfrans tibb ocaqları arasında bu ilin fevralında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilib. Müqavilənin şərtlərində təcrübə mübadiləsi, birgə elmi tədqiqat proqramları, layihələrin hazırlanması, tibb bacılarının və köməkçi personalın təhsili və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Tədbirdə çıxış edən Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov bildirib ki, Bayındır Sağlıq Qrupunun təqdir olunası təcrübəsi var. Biz o təcrübədən yararlanmağa artıq qərar vermişik. Qrupun həkimləri mart ayından hospitalımızda əməliyyatlar aparırlar. Türkiyədə də birgə tədbirlər reallaşdıracağıq. Məqsədimiz xalqımızın sağlamlığına və tibb elminə töhfələr verməkdir.
Bayındır Sağlıq Qrupunun rəhbəri Yaman Zorlutuna tibb ocağının yaranması zərurətindən danışıb: “1992-ci ildən fəaliyyətə
başlamışıq. Nailiyyət qazanmışıq. Onunla kifayətlənməyib yenisini yaratmışıq. Hazırda 3 xəstəxanamız var. Orupun qurumlarında 1500-dən çox personal çalışır. Biz tibb elminin yeniliklərini tez bir zamanda öyrənib təcrübədə istifadə edirik. Dəyərli təcrübəmizdən Azərbaycanda da yararlanacağıq”.
Konfransda müxtəlif sahələr üzrə türk həkimlərin mühazirələri dinlənilib, müzakirələr aparılıb, onlara ünvanlanan suallar ətraflı cavablandırılıb.