Bakıda “Müəllif və riyakarlıq, kitab və yalan” mövzusunda konfrans işə başlayıb
Bakı, 21 aprel, Kifayət Əliyeva,
AZƏRTACAprelin 21-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan (erməni tarixi saxtakarlıqları silsiləsindən)” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.
Əvvəlcə iştirakçılar son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilən çap məhsulları ilə tanış olublar.
MHA-nın sədri Kamran İmanov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, UNESCO tərəfindən elan edilmiş 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü hazırda planetimizin əksər ölkələrində geniş qeyd olunur. Azərbaycanda həmin gün 1997-ci ildən ənənəvi qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur.
Tədbirdə K.İmanovun “Özü-özünü təkzib edən erməniçilik müəllif hüququ”, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun elmi işçisi Elşad Əlilinin “Saxtakar tarixçi Xorenatsi müasir erməni saxtakarlarının təqdimatında” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.