Bakıda İtaliya işgüzar görüşü
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-İtaliya İşgüzar Görüşü keçirilib.
ANS PRESS xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib. Bakı Biznes Mərkəzində keçirilmiş işgüzar görüşdə çıxış edən itisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız uğurla davam edir, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlər əhəmiyyətli rol oynayır.
Ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və 2014-cü ildə bu barədə müvafiq bəyannamə imzalanmışdır. Azərbaycan və İtaliya arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiya, müştərək qurumlar, keçirilən biznes forum və işgüzar görüşlər əməkdaşlığın genişlənməsinə töhfə verir. İndiyədək İtaliya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair ümumilikdə 30 sənəd imzalanıb.
İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub. Hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edir. İtaliyan şirkətləri “Şahdəniz 2”, CQBK və “Star” layihələrinin kontraktorlarındandır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliyan şirkətləri ilə 800 mln. kubmetr qaz-alqı satqısı sazişi imzalanıb.
Azərbaycan Hökuməti və SOCAR tərəfindən birlikdə həyata keçirilən “Star” layihəsi çərçivəsində “SACE Groupdan” 600 mln. dollar məbləğində maliyyə əməkdaşlığı həyata keçirilib. Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ticarət, investisiya, yüngül sənaye, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. İndiyədək ölkələrimiz arasında 14 biznes forum və işgüzar görüşlər keçirilmişdir. Biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır və bugünkü işgüzar görüş də iş adamları arasında əməkdaşlığın inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdıran Ş.Mustafayev deyib ki, bəzi italiyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbul edilməzdir və İtaliya Hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır.
İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidi deyib ki, Azərbaycan İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkədir və səfər zamanı ölkədə aparılan quruculuq-abadlıq işlərinin şahidi olub. Azərbaycanın müxtəlif sahələrdə iri layihələr həyata keçirdiyini qeyd edən xanım nazir belə layihələrin reallaşdırılmasında İtaliya şirkətlərinin də iştirak etdiyini qeyd edib. Bu günkü biznes forumda xeyli sayda iş adamının iştirak etməsi hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir.
F.Quidi Azərbaycandakı iqtisadi inkişafın Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının dərinləşməsi üçün böyük imkan yaratdığını qeyd etmiş, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulamış, iqtisadi əlaqələrin inkişafı, o cümlədən kənd təsərrüfatı, İKT sahələrində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və İtaliyanın Ticarətin Təşviqi Agentliyinin (İCE) baş direktoru Roberto Luonqo müvafiq olaraq Azərbaycanın və İtaliyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.
İşgüzar görüş çərçivəsində Azərbaycanın “SOCAR Polymer” MMC ilə İtaliyanın “Maire Tecnimont S.p.A” Mühəndislik Şirkətlər Qrupa arasında müqavilə imzalanıb.
MənbəANS PRESS