Ölkə

Bakıda baş verən qəzalarda 68 nəfər ölüb

Metbuat.az

Bu ilin 3 ayı ərzində Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrinin statistikası məlum olub. Bakı Şəhər Dövlət Yol Polis idarəsindən verilən məlumata görə yanvar ayının 1-dən aprelin 7-nə qədər paytaxtın küçə və prospektlərində 234 avtomobil qəzası baş verib. Bu hadisələr zamanı 68 nəfər dünyasını dəyişib, 289 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.



“Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 ölüm halı azalıb, 41 xəsarət artıb, bu da narahatçılıq yaradır. Qəzaların 41 faizi sürət həddinin aşılması, 49 faizi piyadaların vurulması 27 faizi isə manevretmə qaydalarının pozulmasıdır” – deyə Bakı şəhər DYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib.



Qəzaların qarşısını almaq məqəsədi ilə Bakı şəhər dövlət yol polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə müxtəlif dərəcəli qayda pozuntuları aşkarlanıb. Bu ilin 3 ayı ərzində yol hərəkəti qaydalarını pozduğuna görə, 280 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb olunub. Həmçinin yol polisləri tərəfindən hesabat dövründə sərxoş sürücülərə qarşı da mübarizə tədbirləri genişləndirilib.



Son 3 ayda paytaxtda keçirilən reydələr zamanı 4 min sərxoş sürücü aşkarlanıb.



Vaqif Əsədov həmçinin qəzalardan 4-nün sərxoş sürücülərin iştirakı ilə baş verdiyini, nəticədə 2 ölüm və 8 xəsarət faktı olduğunu, bu il 4 min sərxoş sürücü aşkarlandığını və cərimələndiyini bildirib.



Qəzaların bir qismi piyadaların məsuliyyətsizliyi və yolun qadağan edilən hissələrdən keçməsi səbəbindən baş verir. Bu məqsədlə son 3 ayda piyadalara qarşı, onların təhlükəsizliyi təmin etmək məqsədi ilə də mütəmadi reydlər keçirilib. Bu reydlər zamanı isə 4 mindən artıq piyada barəsində də inzibatı prtokol tərtib edilib.


Mənbə
ANS PRESS