Digər

Bakı ehtiyat pulunu xərcləyəcək?

Metbuat.az

Neftin qiyməti dünya bazarında ucuzlaşsa belə, Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsində ixtisar aparılmayacaq.



ANS PRESS-in məlumatına görə. bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.



O, Azadlıq Radiosuna müsahibəsində bildirib ki, hökumət çıxış yolu kimi Neft Fondunun xaricdə ehtiyat kimi saxlanılan vəsaitlərini xərcləyəcək. Çünki başqa cür mümkün deyil. Neft Fondu gələcək nəsillərə müəyyən qədər vəsait saxlamaqdan, bu cür iqtisadi böhran yarananda vəziyyətdən çıxmaq üçün yaradılıb.



Onun sözlərinə görə, Neft Fondu 2015-ci ildə ehtiyat üçün vəsait ayıra bilməyəcək, əksinə yığdığını xərcləyəcək: "Məsələn, başqa bir neft ölkəsi Norveçin Neft Fondu qanunla vəsaitlərin maksimum 4 faizini dövlət büdcəsinə köçürə bilər, 96 faiz vəsait gələcək nəsillər üçün saxlanılmalıdır. Bu ildə dövlət büdcəsinin təqribən 55 faizi, təqribən 10 milyard manatı (10 388 000,0 AZN) birbaşa Neft Fondundan transfert hesabına ödənilməlidir.



Müstəqil iqtisadçıların fikrincə, hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir. Bu, sərbəst vəsaitlərdir və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir.



Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 1999-cu ilin dekabrında mərhum prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Fondun qarşısında duran bir neçə vəzifədən biri də neft vəsaitlərini gələcək nəsil üçün saxlamaqdır.

Mənbə
ANS PRESS