Bakı Ali Neft Məktəbi üç istiqamət üzrə ISO beynəlxalq sertifikatına sahib olub
Bakı, 16 aprel,
AZƏRTACBakı Ali Neft Məktəbi (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq ISO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” beynəlxalq sertifikatlarına sahib olub.
BANM-dan
AZƏRTAC- bildirilib ki, sertifikatların təqdimetmə mərasimində BANM-ın rektoru Elmar Qasımov qonaqları rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, BANM-ın əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. Bu ali məktəbin fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor bu müddət ərzində BANM-ın strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.
SOCAR-ın kadr, rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov BANM-ın kollektivini bu uğur münasibətilə təbrik edib. O, ali məktəbdə aparılan işləri yüksək qiymətləndirib və ölkənin beynəlxalq standartlara uyğun savadlı və yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun BANM-ın fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Neft Məktəbini dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
BANM-ın qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini yüksək qiymətləndirən TSİ-nin baş katibinin müavini Coşqun Şəntürk təmsil etdiyi qurum tərəfindən bu ali məktəbə beynəlxalq sertifikatların verilməsinə görə qürur hissi keçirdiyini bildirib.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində Bakı Ali Neft Məktəbinin öncüllərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu standartlara sahib olmaq gələcəkdə akademiya məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq.
TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi Bakı Ali Neft Məktəbində olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara cavab verdiyini söyləyib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatları təqdim olunub.
Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə beynəlxalq sertifikatlara layiq görülüb. Bu sertifikatlar ali məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək.
Xatırladaq ki, 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-da tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq, BANM-ın bütün struktur bölmələri, şöbələri, mərkəzləri, kitabxana və laboratoriyaları, o cümlədən kafedraları üzrə keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin sənədlərinin yoxlanışı keçirilib.