Bakı Ali Neft Məktəbi ilə Bolqarıstanın Ruse Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
Bakı, 20 aprel,
AZƏRTACBakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Bolqarıstan Respublikasının Angel Kançev adına Ruse Universitetinin rektoru, professor Xristo İvanov Beloyevin rəhbərlik etdiyi nümayəndə heyəti BANM-də olub. Bakı Ali Neft Məktəbi və Ruse Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Əməkdaşlığın əsas məqsədi BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün bakalavr hazırlığı proqramı çərçivəsində tədris olunacaq fənlərin materiallarının Ruse Universiteti tərəfindən BANM-ə verilməsi, tədris prosesinin təşkilinə metodiki yardımın göstərilməsi, eləcə də müxtəlif maliyyə mənbələri hesabına birgə elmi tədqiqat işlərinin aparılmasını təmin etməkdir.
BANM-dən
AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə nümayəndə heyəti və Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristova BANM-in rəhbərliyi, müəllim və tələbələri ilə görüş keçiriblər.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan ilə Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universitetlərlə yaradılan əməkdaşlıqdan danışıb. BANM-in növbəti tərəfdaşının Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.
Səfir Maya Xristova iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından məmnunluğunu bildirib, bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsində ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Professor Xristo İvanov Beloyev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında təbdir iştirakçılarına geniş məlumat verib. Angel Kançev adına Ruse Universitetinin avtonom dövlət ali məktəbi olduğunu qeyd edən rektor burada 10.000 tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Sənədi E.Qasımov və professor Xristo İvanov Beloyev imzalayıblar.
Sonda professor Xristo İvanov Beloyevə BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.