Digər

Azərbaycanlı qadınları fahişəliyə məcbur edən cinayətkarlar tutuldu

Metbuat.az

Onlar qadınları İnternetdə “Uşağa baxmaq üçün qadın axtarılır” elanıyla aldadıblar

Türkiyəyə xarici ölkələrdən gələn qadınları zorla fahişəliyə məcbur edən cinayətkar qrupun üzvləri həbs olunub. Lent.az-ın məlumatına görə, 27 nəfərdən ibarət cinayətkar qrupun üzvləri xəstəxanaya aparılaraq tibbi müayinədən keçiriliblər.

Polis araşdırma zamanı müəyyən edib ki, cinayətkarlar İnternetdə “Uşağa baxmaq üçün qadın axtarılır” elanı verirlərmiş. Bundan sonra Gürcüstan, Rusiya, Ermənistan, Moldova və Azərbaycandakı adamları vasitəsilə qadınları “işə” götürürlərmiş. Ardınca həmin qadınlar Türkiyəyə aparılaraq zorla fahişəliyə məcbur edilirlərmiş.

Polis noyabrın 15-də əməliyyat keçirərək 9-u qadın olmaqla 26 nəfəri həbs edib. Dünən isə daha bir qadın tutulub. Məlum olub ki, cinayətkar qrup aralarında həkim, vəkil və müəllimlərin də olduğu 18 qadını fahişəliyə məcbur edib. Fahişəlik etmək istəməyən qadınlara isə işgəncə verilib. Cinayətkar qrupa Mərsindəki qapalı həbsxanada cəza çəkən şəxs rəhbərlik edirmiş.