Azərbaycanlı nazirlər tort kəsdi (FOTO)
İzmir şəhərində Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Petkim” rəhbərliyinin nümyəndələri iştirak ediblər.
“Petkim”in 50 illik fəaliyyətini əks etdirən videomaterialın nümayişindən sonra giriş nitqi söyləyən şirkətin icraçı direktoru Sadəddin Qorqud uzun illər möhtəşəm layihələrə imza atmış “Petkim”in SOCAR ilə birlikdə yeni bir yola qədəm qoyduğunu qeyd edib. O, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin sənaye sahəsində bariz nümunəsi olmalarından qürur duyduqlarını bildirib. Tədbirdə SOCAR-ın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Türkiyə əməkdaşlığının dərin köklərə malik olduğunu bildirmiş, Ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” idealının hər iki ölkədə geniş yayıldığını söyləyib. Hazırda Azərbaycanın Türkiyədə ən böyük investorlardan biri olduğunu qeyd edən nazir SOCAR-ın 2023-cü ildə bu sahədə birinci olacağını, 2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin 10 milyard dolları aşacağını və bu yatırımların hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyasının dünya enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu, bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi və siyasi cəhətdən böyük məna kəsb etdiyini deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Petkim” əməkdaşlarını holdinqin yaradılmasının 50 illiyi münasibəti ilə təbrik etmiş, uğurlar arzulayıb. O, holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib.
Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və Izmir valisi Mustafa Toprak SOCAR-ın “Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümova, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğana və İzmir valisi Mustafa Topraka təşəkkür plaketləri təqdim olunub.
Sonda “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümü ilə əlaqədar olaraq tort kəsilib.
ANS PRESS