Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların təməli Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə qoyulub
Qax, 3 aprel,
AZƏRTACAzərbaycanda makroiqtisadi sabitliyin yaradılmasında, iqtisadiyyatda bazar münasibətlərinin təşəkkül tapmasında, dünya iqtisadiyyatına inteqrasiyada, xarici investorların ölkəyə cəlb edilməsində, beynəlxalq iqtisadi layihələrin təmin olunmasında, həmçinin milli neft strategiyasının yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Qax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tarix fənni üzrə keçirilən növbəti açıq dərs zamanı səsləndirilib.
Tarix müəllimi Vəli Əmirlinin tədris etdiyi açıq dərsdə Tasmalı və Güllük kənd tam orta məktəblərin şagirdləri iştirak ediblər.
Tədris prosesində şagirdlərə ölkə iqtisadiyyatında bazar münasibətlərinin təşəkkülünün prioritet istiqamət kimi müəyyən edilməsi, Ümummilli Liderin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində ölkədə sabitliyin bərqərar olunması, dünya iqtisadiyyatına inteqrasiyanın güclənməsi, 1995-ci ildən başlayaraq özəlləşdirmənin həyata keçirilməsi və digər məsələlər barədə dolğun məlumat verilib.
Açıq dərsdə şagirdlər, həmçinin Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə sahibkarlığın inkişafına dair Dövlət Proqramının qəbul olunması, milli neft strategiyasının əsasının qoyulması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi, aqrar sahədə islahatların həyata keçirilməsi və digər məsələlər, həmçinin dahi rəhbərin sosial-iqtisadi siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə gördüyü işlər barədə ətraflı məlumat alıblar.