Digər

"Azərbaycanı qula çevirmək istəyirlər"

Metbuat.az
"Avropa Oyunlarını gözdən salmağa çalışan insanlar Amerika Birləşmiş Ştatlarından idarə olunurlar. Əsas məqsədləri isə Azərbaycanı qula çevirməkdir".

Bu sözləri

Milli.Az

-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri

Araz Əlizadə

bildirib.



"Onlar istəyirlər ki, Azərbaycan öz maraqlarının əksinə olaraq, Ermənistana dostluq əlini uzatsın, Dağlıq Qarabağı peşkəş eləsin. O zaman ABŞ, Fransa və digər ölkələrdə erməni diasporu məmnuniyyətlə həmin adamlara səs verərlər. Onlar istəyirlər ki, Azərbaycanın ərazisi İrana qarşı fəaliyyət üçün platsdarma çevrilsin. Amma Azərbaycan özünün müstəqil xarici siyasətini yürüdür. Azərbaycan özünə böyük qardaş axtarmır, heç kimin qoltuq altına girmir. Azərbaycan özünə bərabərhüquqlu dostlar axtarır. Bu isə dünyada özünü ağa kimi aparan ABŞ və onun vassalları olan Qərbi Avropaya xoş gəlmir. Ona görə də hər dəfə Azərbaycana təsir etmək üçün səbəb axtarırlar", - o əlavə edib.



Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artdığını deyən Əlizadə "Eurovision" ərəfəsində də belə kampaniyalar keçirildiyini xatırladıb. Hətta boykota çağırışların olduğunu bildirib. Boykotun acizlik əlaməti olduğunu deyən A.Əlizadə Moskva Olimpiadasını xatırladıb.



"Moskva Olimpiadasını da boykot eləməyə çalışırdılar, ancaq alınmadı. Olimpiya tarixində ən yaxşı nəticələr Moskva Olimpiadasında göstərildi. Bundan isə 4 il həyatlarını hazırlığa həsr edən idmançılar itirdilər", - partiya sədri deyib.



"Onlar Azərbaycanda kiminsə hüququnun pozulmasını əsas gətirərək ölkəmizə qarşı belə kampaniya aparırlar. Onda gərək bütün dünya Amerika ilə münasibətləri pozsun. Çünki gündə bir polis əməkdaşı qaradərili vətəndaşı vurur. Gərək biz "Zəncinin arzuları" əsərini ingilis dilinə tərcümə etdirək və Amerikaya qarşı təbliğat aparaq?" - deyə Əlizadə sual edib.



Siyasətçi Amerikanın və Qərbin ikili standart siyasətindən də söz açıb:



"Ötən gün Ukraynada görkəmli publisist və yazıçı Oles Buzinanı günün günorta çağında öldürdülər. Amma buna heç kim dillənmir. Müxalifət liderləri gah özünü pəncərədən atır, gah digər üsulla ölürlər, amma hamı buna susur. Ukraynada bütün dünyanın tanıdığı faşist Banderanı milli qəhrəman elan elədilər. Amma yenə hamı susur. Azərbaycanda isə iki nəfər törətdiyi cinayət əməlinə görə həbs olunanda Azərbaycana qarşı kampaniyalara başlayırlar. Azərbaycan özünü qul kimi aparmır, öz sözü var və öz mənafeyi naminə çalışır".



Teymur Hacıyev
Milli.Az