Azərbaycanda vəhşi və sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb
Bakı, 9 aprel,
AZƏRTACÖlkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanların oral üsulla peyvəndlənməsi başa çatıb.
Bu barədə
AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib.
O qeyd edib ki, martın 16-dan respublikada ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanların oral üsulla peyvəndlənməsinə start verilib. Peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib. 50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu sahələrə atılıb.
“Vaksini qəbul edən heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bununla da vəhşi təbiətdə bu xəstəliyin qarşısını almaq mümkün olacaq”, - deyə Yolçu Həsənov bildirib.