Ölkə

Azərbaycanda Dünya Hemofiliya Günü qeyd olunub

Metbuat.az

Bakı, 17 aprel, Əziz Məmmədov,

AZƏRTAC

Aprelin 17-si Dünya Hemofiliya Günüdür. Bu günün təsis edilməsində əsas məqsəd hemofiliyadan əziyyət çəkən insanları dəstəkləmək, onlara diqqət və qayğı göstərməkdir.


Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, hemofiliyalı uşaqlar və onların valideynləri iştirak ediblər.


AZƏRTAC

xəbər verir ki, mərasimdə çıxış edən assosiasiyanın prezidenti Gülnarə Hüseynova, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova və başqaları ölkəmizdə hemofiliya xəstəliyinin müalicəsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycanda 1455 hemofiliyalı xəstə var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə tədbirlər proqramı”na əsasən xəstəlikdən əziyyət çəkənlərə dövlət büdcəsi hesabına bahalı dərman preparatları verilir. Ötən il 50-dən çox hemofiliyalı xəstə müasir avadanlıq və zəruri dərmanla təchiz olunmuş klinikalarda yerli mütəxəssislər tərəfindən uğurla əməliyyat edilib. Bundan başqa, ölkədə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur.


Xatırladaq ki, Dünya Hemofiliya Günü Dünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilk dəfə 1989-cu ildə qeyd olunub. Bu günün aprelin 17-də keçirilməsi də təsadüfi deyil. Həmin gün 1963-cü ildə Dünya Hemofiliya Federasiyasının yaradıcısı Frenk Şnaybelin doğum günüdür.


Dünya Hemofiliya Günü dünyanın 120 ölkəsində, o cümlədən Azərbaycanda da qeyd edilir.