Ölkə

Azərbaycana qızıl gətirənlərin nəzərinə (VİDEO)

Metbuat.az

Nazirlər Kabinetinin fiziki şəxslər tərəfindən gətirilən qızıl məmulatları ilə bağlı qərarı qüvvəyə minib. Qərar bu gün rəsmi mətbuatda dərc olunub və bundan sonra xaricdən qızıl gətirən hər bir şəxs ona əməl etməlidir. Bəs nə qədər qızılı vergisiz gətirmək olar? Hökumət bu suala da cavab verib.



ANS TV-nin məlumatına görə, yeni qüvvəyə minən qərara görə, bundan sonra 18 yaşına çatmış vətəndaş şəxsi istifadə üçün yalnız 20 qram qızıl və 0,5 karat almazı heç bir vergi və rüsum ödəmədən xaricdən gətirə bilər. Bəs qoyulan bu limitlər hansı əşyaları gətirməyə imkan verir?



Satıcı Günel Qarayeva deyir ki, burada qiymətlər əsas rol oynayır: “Belə ki, hər bir firmanın özünün təyin etdiyi qiymətlər var. Bugünkü gündə 750 əyyarlı qızılın bir qramı 45 manatdan, 585 əyyarlı qızılın bir qramı isə 35 manatdan yuxarı satılır. Normal olaraq bir dəst qızılın qramı 20 deyil, 35 qramdan yuxarı olacaq. Amma gündəlik üçün, yəni bir cüt sırğa və üzük 20 qramdan yuxarı olacaq, nəyinki aşağı”.



20 qramdan artıq çəkiyə malik olduqda isə gömrük rüsumu, üstəlik aksiz vergisi ödəmək lazım gələcək. Bir müddət əvvəl qəbul olunmuş qərara əsasən 1 qram platin üçün - 2 manat, 375 əyyarlı qızılda - 80 qəpik, 500 əyyarlı qızılda -1 manat, 585 əyyarlı qızılda - 1 manat 20 qəpik, 750 əyyarlı qızılda - 1 manat 50 qəpik, 958 əyyarlı qızılda - 1 manat 80 qəpik, 999 əyyarlı qızılda isə - 2 manat aksiz vergisi ödənilməlidir.



Almazın hər 1 karatı üçün isə - 200 manat aksiz dərəcəsi alınacaq. 1 karatdan yuxarı olan almazda çəki artdıqca vergi dərəcəsi də artır. Bu qərar artıq qızıl bazarında qiymətlərə öz təsirini göstərib.



“Vergi dərəcələrində mövcud əlavələr, eləcə də dünya bazarında gedən proseslər, yəni qızılın qiymətinin enməsi və qalxması nəzərə alınaraq qiymətləri dünya bazarına uyğun olaraq tənzimləyirik. Bu ilin yanvar ayından etibarən qızılın hər qramında 3-4 manat artım var”, - deyə satıcı Əfqan İmanov bildirdi.



Dünya bazarında isə qızılın qiymətində cüzi artım müşahidə olunur. İndi qızılın bir unsiyası və ya 31 qramı 1205 dollardır. Bu isə bir qramın təxminən 38 dollar olması deməkdir.



Mənbə
ANS TV