Azərbaycan Prezidentinin imzaladığı Sərəncam Gəncədə yaşayan 463 nəfərə şamil ediləcək
Gəncə, 9 aprel,
AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam Gəncədə 463 nəfərə şamil ediləcək.
Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdir müavini İlham İsgəndərov
AZƏRTAC-a deyib ki, hazırda Kəpəz və Nizami rayon şöbələrində 20 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı qeydiyyatdadır. 76 nəfər arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar, 367 nəfər isə həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarıdır. Hazırda Sərəncamdan irəli gələn vəzifələrin icrası üçün sənədləşmə işləri aparılır. Yaxın günlərdə Böyük Vətən Müharibəsi iştirakçılarının hər birinə 800 manat, vəfat edən döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanların hər birinə 400 manat məbləğində birdəfəlik yardım ediləcək.