Ölkə

Azərbaycan ilə İran arasında müştərək müdafiə komissiyası yaradılacaq

Metbuat.az

Tehran, 22 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müştərək müdafiə komissiyası yaradılacaq. Komissiyaya hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcəklər.


Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunlarına dair yerli mətbuata açıqlamasında məlumat verib.


Səfir bildirib ki, komissiyaya hər iki ölkənin hərbi ekspertləri daxil ediləcək. Rəsmi Bakı ilə Tehran arasında müdafiə məsələləri üzrə müzakirələr bu komissiyada diqqət mərkəzində olacaq. Komissiyada, həmçinin regional təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.


Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu regional təhlükəsizlik məsələləri olub.


M.Pakayin səfərin uğurlu və tərəflər üçün faydalı keçdiyini diqqətə çatdıraraq müdafiə sahəsində daha geniş əməkdaşlıq əlaqələrinin qurulması üçün böyük perspektivin açıldığını vurğulayıb.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Urmiya