Avrasiya İqtisadi İttifaqının vahid valyutası olmayacaq
Bakı, 22 aprel,
AZƏRTACAstana Avrasiya İqtisadi İttifaqının vahid valyutasının dövriyyəyə buraxılmasını istisna edir. Bunu Qazaxıstanın iqtisadiyyat naziri Timur Jaksılıkov bildirib.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Astanada keçirilən mətbuat konfransında Timur Jaksılıkov Avrasiya İqtisadi İttifaqı sayəsində Qazaxıstan, Belarus və Rusiya arasında energetika, nəqliyyat, sənaye və kənd təsərrüfatının da daxil olduğu bir çox sahədə əməkdaşlıq başlandığını deyib. İttifaqın sənaye istehsalının potensial həcminin 1,5 trilyon dollar olduğunu qeyd edən nazirin sözlərinə görə, müvafiq gömrük qanunlarının dəyişdirilməsi iş mühiti üçün prosedurların rahatlığını təmin edəcək.
Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi bazarın yaradılması məsələsinə də toxunan T.Jaksılıkov bunun üçün aralıq sənədləri qismində ümumi qaz, neft və neft məhsulları bazarının tədricən liberallaşdırılması proqramının hazırlanacağını bildirib. O, həmçinin əlavə edib ki, valyuta ittifaqının yaradılması və İttifaq çərçivəsində vahid valyutanın tətbiqi nəzərdə tutulmayıb.