Ölkə

Astarada bu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Metbuat.az

Astara, 16 aprel, Bağır Əliyev,

AZƏRTAC

Astara Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.


AZƏRTAC

xəbər verir ki, yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıraraq, cari ilin ilk üç ayının Astara rayonu üçün əlamətdar olduğunu bildirib.


Aprelin 11-də Prezident İlham Əliyevin Astaraya növbəti səfərini rayonun ictimai-siyasi həyatında tarixi hadisə kimi qiymətləndirən Q.Ağayev dövlətimizin başçısının Deqədi-Pəlikəş avtomobil yolunun, “Astaraçay” MMC-nin çay emalı fabrikinin, bir kilometr uzunluğunda, 8 hektar ərazini əhatə edən dənizkənarı park-bulvar kompleksinin açılışında iştirakının, ictimaiyyətin nümayəndələri ilə səmimi görüşünün rayon sakinləri tərəfindən hədsiz sevinclə qarşılandığını bildirib.


Q.Ağayev bu səfərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat vəsaitin ayrıldığını diqqətə çatdırıb.


Qeyd olunub ki, bu ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq işləri şəhər mərkəzi ilə yanaşı, qəsəbə və kəndləri də əhatə edib. Rayonun magistral yol boyu bütün ərazilərində, qəsəbə və kəndarası yollarında təmir işləri aparılıb. Üç ayda 298 evin qazlaşdırılması başa çatdırılıb, Telman kəndində 250 evə təbii qaz verilib. Bu dövrdə əkin sahələrini suvarma məqsədi ilə Lovayın nasos stansiyasında cari təmir işləri aparılıb, Kijəbə, Şuvi, Ojakəran, Pensər, Şiyəkəran və Şahağacı təsərrüfatlarında müxtəlif diametrli su boruları təmir edilib, su ötürücü kanallar, kollektor-drenaj şəbəkəsi təmizlənərək işlək vəziyyətə gətirilib.


Bildirilib ki, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Telman kəndində yeni çay plantasiyaları salınaraq ərazidə müasir suvarma şəbəkəsi yaradılıb. Burada Koreya Respublikası şirkətinin layihəsi əsasında çay emalı fabriki inşa edilib. Müəssisənin emal gücü gün ərzində 12 ton təşkil edir.


Rüb ərzində rayonda 2339 hektar yaz əkini keçirilib, mal-qara arasında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə bir sıra profilaktik tədbirlər görülüb.


Bu ilin birinci rübündə rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb. Sım kənd tam orta məktəbi üçün 180, Artupa kənd tam orta məktəbi üçün 360 şagird yerlik məktəb binalarının tikintisinə başlanılıb.


Yığıncaqda çıxış edənlər bu ilin birinci rübündə Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.