Arıçılığın inkişafı dövlətin güzəştli kreditləri hesabına stimullaşdırılır
Bakı, 16 aprel,
AZƏRTAC
Bu ilin ötən dövründə 1570 sahibkara 47,2 milyon manat güzəştli kredit verilib. Kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Astara rayonunun Vaqo kəndində təşkil etdiyi işgüzar forumda məlumat verilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, işgüzar forumun keçirilməsində əsas məqsəd güzəştli kreditlərin alınması mexanizmi barədə sahibkarlara ətraflı məlumatların verilməsi, Astarada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdimatı, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Tədbirdə Astara rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, arıçılıq, çayçılıq və intensiv bağçılıq təsərrüfatlarının, corab istehsalı, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin təqdimatı olub, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2273 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,1 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, çayçılıq, kartofçuluq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Astarada güzəştli kredit ayrılmış arıçılıq təsərrüfatlarına baxış keçirilib. Qeyd edək ki, indiyədək arıçılığın inkişafı istiqamətində 250 sahibkara 2,8 milyon manat dövlətin güzəştli krediti verilib.