Ölkə

ARDNŞ-in tələbələr üçün xüsusi təqaüdünün verilməsi üzrə müsabiqənin birinci mərhələsi keçiriləcək

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 19-da ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanını keçirəcək.


TQDK-dan

AZƏRTAC

-a bildiriblər ki, imtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında saat 11.00-da başlanacaq.


Namizədlər imtahana özləri ilə iki sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiqləyən sənədin əslini; “İmtahana buraxılış vərəqəsi"ni.


Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizədlər imtahana buraxılmayacaqlar. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.


Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2 min 181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb.


Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı (10-u açıq tipli test tapşırığı olmaqla) təqdim edilir. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.


İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni ARDNŞ-in məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.


ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.