AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi iki ayrı bölmə kimi fəaliyyət göstərəcək
Bakı, 15 aprel,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin aprelin 15-də keçirilən növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Humanitar və İctimai Elmlər Bölməsinin iki ayrı bölmə kimi fəaliyyətinin təşkili ilə bağlı olub.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 2014-cü il 11 dekabr tarixli Fərmanına əsasən AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb.
İclasda Nizamnamənin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də hər iki bölmənin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, Konfliktologiya və İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilməsi barədə qərarlar qəbul edilib. Bölmələrin tərkibi müəyyənləşdirilib.
Tədbirdə bölmələrin işinin təşkili ilə əlaqədar AMEA-nın illik ümumi yığıncağı qarşısında vəsatət qaldırması qərara alınıb.
Növbəti qərarlarla akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunublar.