Aİ "Google"a meydan oxudu
Avropa İttifaqı "Google" şirkətinin ticarət reklamları sahəsinə ədalətli rəqabət prinsiplərini pozması ilə bağlı rəsmi şikayət verib.
ANS PRESS-in məlumatına görə, İttifaqın rəqabət məsələləri üzrə komissarı Marqaret Vestager bildirib ki, "Google"a qarşı iradlar siyahısında onun axtarış sistemində özünə bağlı şirkətlərə daha yaxşı çıxış verməsi də var.
Məsələn, deyək ki, fotokamera almaq istəyənlər "Google"da axtarış verəndə onların qarşısına bütün linklərdən əvvəl şirkətin “özünə bağlı mağazalar”ın reklamları çıxır.
Aİ cavab üçün "Google" şirkətinə 10 gün vaxt verib. "Google" bildirib ki, ittihamlarla razı deyil və öz mövqeyini müdafiə edəcək.
Xanım Vestager habelə deyib ki, o hazırda "Google" şirkətinin öz "Android" sistemi üçün aplikasiya və xidmətləri nə dərəcədə ədalətli paketlədiyini öyrənir.
Komissar bunu da əlavə edib ki, İttifaq "Google" şirkətinin başqa fəaliyyət sahələrini də təftiş edəcək.
Xəbər verilir ki, Aİ bu təhqiqatları artıq beş ildir aparır və iş milyardlarla dollar edən cəriməli məhkəmələrə səbəb ola bilər.
Avropa Komissiyası bildirib ki, "Google"a qarşı inhisar iddiaları "Microsoft", "Tripadvisor", "Streetmap" və başqaları tərəfindən qaldırılıb.
Qeyd edək ki, "Google" bütün Aİ üzrə axtarışların 90 faizinə “mühərriklik” edir.
MənbəANS PRESS