Ağstafa şəhərinin küçələri yenidən qurulur
Ağstafa, 9 aprel,
AZƏRTACAğstafa şəhərinin küçələrinin abadlaşdırılması, yenidən qurulması və köhnə tikililərin bərpası istiqamətində işlər uğurla davam etdirilir.
AZƏRTAC
xəbər verir ki, şəhərin Cəfər Cabbarlı küçəsi ilə yanaşı, hazırda Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində də yenidənqurma işlərinə başlanılıb.
Küçələrdə aparılacaq abadlıq, yenidənqurma işlərinin memarlıq layihə sənədləri tərtib edilib. Hazırda həmin küçələrdə ağaclar budanır, piyada səkilərinin və əsas hərəkət yollarının sahələri müəyyənləşdirilir. Yaşayış evlərinin köhnəlmiş dam örtüklərinin dəyişdirilməsi, divarların təmir-bərpası sahəsində hazırlıq işləri aparılır. Küçələrdən keçən elektrik və telefon xətləri, digər kommunikasiya xətləri daha təhlükəsiz yerə çəkilir.
Hər üç küçənin təmirinin tezliklə başa çatdırılması planlaşdırılır.