Aftandil İsrafilov Zeynəb Xanlarovanın ansamblından getdi
Tanınmış qarmon ustası, xalq artisti Aftandil İsrafilov SSRİ-nin və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblını tərk edib.
Bu barədə APA-ya açıqlama verən A. İsrafilov noyabrın 9-da ansambldan istefa verdiyini qeyd edib: “Noyabrın 5-i və 6-da Zeynəb Xanlarova ilə Heydər Əliyev Sarayında konsert verdik. Bundan bir neçə gün sonra isə ansambldan getməyə qərar verdim. İstefamın səbəblərindən biri vaxt azlığıdır”.
A. İsrafilov onu da deyib ki, bu addımı atmasının başqa səbəbləri də var: “Mən bu problemlərin nədən ibarət olduğunu açıqlamayacağam. Sadəcə onu bildirirəm ki, artıq o ansamblda çalışmıram. Problemlərin nədən ibarət olduğunu ansamblın üzvlərindən soruşsanız, deyərlər. Ansambldan ayrılmağımın əsl səbəbini heç həyat yoldaşım da bilmir. Sadəcə, mənim düzgünlük olmayan yerdə işləməyim mümkün deyil”.
Qarmon ustasının sözlərinə görə, hazırda ansamblda onun yerinə kimin çalışdığı ilə maraqlanmayıb: “Mənim yerimə kimin gəlməsi ilə maraqlanmıram. Əsas odur ki, mən getmişəm. Qalan məsələlər məni maraqlandırmır”.