Dünya

ABŞ Kiyevə 1 milyard ayırdı

Metbuat.az

ABŞ Ukraynaya dövlət zəmanəti ilə 1 milyard dollar kredit verməyə hazırdır.



ANS PRESS xəbər verir ki, bu barədə Ukrayna lideri Pyotr Poroşenko ilə telefon söhbətində ABŞ-ın vitse-prezidenti Cozef Bayden bildirib.



Ukrayna prezidentinin mətbuat xidməti bildirib ki, C.Bayden bundan əlavə Kiyevə əhalinin qida və su ilə təminatı üçün 17,7 milyon dollar humanitar kömək də təklif edib, Ukraynada islahatların aparılmasını dəstəkləyib.



P.Poroşenko isə Ukrayna və ABŞ hərbçilərinin birgə təlimlərinin keçirilməsinə görə C.Baydenə təşəkkürünü bildirib.



Onlar müdafiə sahəsində gələcək addımları, xüsusi halda Ukraynaya əlavə köməyin verilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.



Xatırladaq ki, ABŞ 2015-ci ilin yanvarında bildirib ki, Ukraynaya dövlət zəmanəti ilə ümumi məbləği 2 milyard dollar veriləcək. Bu ilin martında Beynəlxalq Valyuta Fondu Kiyevə 17,5 milyard dollar kredit vermək qərarına gəlib. Onun 10 milyardı bu il ərzində veriləcək. Beşmilyardlıq ilk tranş martın 12-də ölkəyə daxil olub. Martın 19-da isə Avropa Parlamenti islahatlara dəstək və ölkədə iqtisadiyyatın sabitləşməsi üçün 1,9 milyardlıq növbəti tranş ayrılıb.



Mənbə
ANS PRESS