A320-nin ikinci “qara qutu”su pilotun təyyarəni bilərəkdən qəzaya uğratdığını təsdiqləyib
Paris, 3 aprel,
AZƏRTACMartın 24-də Fransa ərazisində qəzaya uğrayan “Germanwings“ hava yollarına məxsus A320 təyyarəsinin tapılan ikinci “qara qutusu”nun araşdırmalar və təhlil bürosu tərəfindən ilkin dinləməsi təyyarənin ikinci pilotunun qəza törətməyi əvvəldən planlaşdırdığını və onu bilərəkdən dağa yönəltdiyini bir daha təsdiqləyib.
Büronun yaydığı məlumatda bildirilir ki, hələ tam olmasa da, ilkin dinləmələr kabinədə tək qalan ikinci pilot Andreas Lubitzin təyyarənin hündürlüyünü aşağı salmaq üçün onun sürətini artırdığını göstərir.
“Qara qutu” tam dinlənildikdən sonra nəticələr barədə ətraflı məlumat veriləcəyi bildirilir.
Xatırladaq ki, 150 nəfərin ölümünə səbəb olmuş A320 təyyarəsinin ikinci “qara qutusu” qəzadan on gün sonra, aprelin 2-də hadisə yerinin yaxınlığında tapılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris