Ölkə

31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa”

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə bu elm müəssisəsinin direktoru, professor İlham Məmmədzadə çıxış edərək son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib. Bildirilib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial kompleksləri yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub.


Sovet hakimiyyəti illərində Şaumyanın, Andranikin, Mikoyanın və onlarla “erməni liderləri”nin ciddi səyi ilə Rusiya imperiyasının XIX və XX əsrdə həyata keçirdiyi siyasət Stalin tərəfindən də sovet hakimiyyəti illərində davam etdirilib. Tarixi Azərbaycan torpağı olan müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar vətənlərindən, ana yurdlarından əkinçiliyin inkişafına töhfələr vermək adı ilə köçürülüb, sərhəd zonasında yaşayan­ların bir hissəsi isə “siyasi motivlər”lə Qazaxıstana və Sibirin müxtəlif yerlərinə sürgün olunub. Bu siyasət nəticəsində minlərlə azərbaycanlı, türk, kürd tarixi ədalətsizliyin qurbanına çevrilib və nəsillər məhv edilib.


1988-ci ildən baş­la­yaraq ermənilər terrorçuluq və seperatizm siyasətini yenidən alovlandırıb və azər­bay­canlılara qarşı soyqırımı siyasəti planlı, məqsədli və dü­şünülmüş şəkildə davam etdirilib. Bu gün dünyanın bir çox parlamentləri tə­rə­findən tanınan Xocalı soy­qı­rımı həmin genosid siyasətinin müasir günlərimizdəki davamı kimi səciyyələndirilə bilər. İki yüz ildən çox davam edən bu soyqırımı cinayətlərinə tarixi və hüquqi baxımdan ən ədalətli qiymətin verilməsində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük və tarixi xidmətləri olub.


İ.Məmmədzadə azərbaycanlılara qarşı ermənilərin zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Bildirilib ki, soyqırımının dərindən öy­rə­nil­məsi, anılması, xatır­lan­ması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbay­can­çılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir. İnstitutun əməkdaşlarının bu mövzuda əsərləri, məqalələri, kitabları geniş oxucu kütləsinin böyük marağına sə­bəb olur. İnstitutun bir qrup alimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə qardaş Tür­ki­yəyə səfər ediblər. Səfər zamanı Türkiyənin ən məşhur onlarla univeristetlərində tələbələrlə və müəllimlərlə görüşlər keçirilib. Bu tədbirlər Türkiyənin kütləvi informasiya vasitələrində geniş əks olunub.


Tədbirdə institutun əməkdaşları Rəna Mirzəzadə, Zaur Əliyev, Bəhram Zahidov və baş­qaları azərbaycanlılara qarşı soyqırımının tanınmasında ölkədə və beynəlxalq səviyyədə belə tədbirlərin keçirilməsininin vacibliyini vurğulayıblar. Natiqlər azərbaycançılıq ideologiyasının həyata keçirilməsi uğrunda Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinə dəstək olmağa çağırıblar.