26 yaşlı əlil: "Qonşunun eümidinə qalmışam" (VİDEO)
Quba rayonunun Qədikqışlaq kəndində yaşayan birinci qrup əlil 26 yaşlı Etibar Məmmədov kimsəsiz olduğundan sosial dəstəyə ehtiyac duyduğunu deyir. Hələ uşaqkən övladlığa verilən gənc ögey valideynlərini də itirdikdən sonra çətin vəziyyətlə üzləşib.
Etibar Məmmədovun sözlərinə görə, doğulandan 10 gün sonra onu götürüb saxlayıblar: "Valideyimlərdən biri 2007-ci ildə, digəri isə 2012-ci ildə dünyasını dəyişib. O vaxtdan da qalmışam qonşunun ümidinə”.
Etibar indi çiy kərpicdən tikilmiş şəraitsiz evdə yaşayır. Əgər buna yaşamaq demək olarsa. Bir əli və bir ayağı fiziki cəhətdən qüsurlu olan gəncin bərbad vəziyyətdə olan evdə necə yaşamasını təssəvür etmək belə çətindi.
Quba rayon sosial müdafiə mərkəzinin sosial xidmət sektorunun müdiri Nailə Əliyeva bu kimsəsiz gəncdən xəbərdar olduqlarını dedi:
“Müraciət əsasında lazım olan bütün sənədləri nazirliyə göndərmişik. Amma bizdə internat evlərinə ruhi xəstələri yerləşdirirlər. Bu oğlanda ruhi xəstəliklə bağlı bir problemi yoxdur, sağlam oğlandır, köməklik göstərəcəyik. Biz ona söz vermişik ki, növbəti əməliyyat zamanı köməklik edəcəyik. Bu əməliyyatı da uğurlu həyata keçəcək. Daha sonra onu evləndirəcəyik”.
Ümid edirik ki, dövlətin sosial dəstəyinə güvənən Etibarın həyat şəraiti yaxın gələcəkdə xeyli yaxşılaşacaq. Bu gəncin xoş xəbərinin almağı biz də səbirsizliklə gözləyəcəyik.
ANS TV: Aytəkin Alxaslı