20 dollara alınmış geyim 137 min dollara satıldı (FOTO)
Vivyen Linin "Küləklə sovrulmuşlar" filmində geyindiyi kostyum ABŞ-ın Kaliforniya ştatında Beverli Hillzdə keçirilən hərracda 137 min dollara satılıb. ANS PRESS-in məlumatına görə, aktrisa 1939-cu ildə ekranlara çıxan filmdə baş qəhrəman Skarlett O'haranı canlandırıb.
Bu məşhur kostyum boz jaketdən və qara ziqzaqvari tikişləri olan ətəkdən ibarətdir. Həmin geyimi və filmdən olan daha 150 əşyanı Ceyms Tamblin adlı şəxs satışa qoyub. O, əvvəllər "Universal Studios" kinostudiyasının qrim bölməsinə rəhbərlik edib. Tamblin "Küləklə sovrulmuşlar" filminə aid əşyaları və butaforiyanı (teatr tamaşası üçün lazım olan şeylər) hələ 1960-cı ildən yığmağa başlayıb. Aktrisanın hərraca qoyulan kostyumuna görə isə cəmi 20 dollar ödəyib.
Qeyd edək ki, "Küləklə sovrulmuşlar" filmi "Metro-Goldwyn-Mayer" (MGM) şirkətinin istehsalıdır. 1939-cu ildə çəkilən film Amerikada vətəndaş müharibəsi dövründən bəhs edir. Filmin kassa dövriyyəsi isə dünya kino prokatı tarixində maliyyə rekordları vurub.
ANS PRESS