Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin yeni növünü aşkarlayıb
Bakı,30 mart,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün bir neçə yeni növünü aşkarlayıb.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, institutun araxnologiya laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırmalar nəticəsində Qafqaz faunası üçün bir yarımfəsilə, bir cins, dörd növ, Azərbaycan faunası üçün isə üç cins və dörd növ müəyyənləşdirib. Alim Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində isə dünyada ilk dəfə olaraq Spinibdella tenuirostris növünün (Bdellidae fəsiləsi) erkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.
Qeyd edək ki, bu sahə üzrə alimlər tərəfindən müxtəlif araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günədək aktinedid gənələrin tədqiqatı yalnız O.Aslanovun adı ilə bağlıdır.