Zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan Azərbaycan qadını adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb
Xırdalan, 7 mart, Ətrabə Rzayeva,
AZƏRTAC8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Abşeron rayonunda bayram konserti keçirilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rayon qadınlarını təbrik edərək bildirib ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Z.Fərəcov qeyd edib ki, dünya yarandığı gündən ananın qayğıkeş obrazı müqəddəs varlıq kimi həmişə hörmətə layiq görülüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən qadınlara daim qayğı ilə yanaşıb, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirib. Prezident İlham Əliyev də qadın əməyinə, onların hüquqlarının qorunmasına diqqətlə yanaşır. Bildirilib ki, Şərqdə ilk dəfə səsvermə hüququna malik olan Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan qadını yüz illərdən bəri formalaşan milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olub.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirilib.